23 Noyabr 2017
Brüsseldə əsir və girovlarımızla bağlı keçirilən tədbir nə ilə yadda qaldı?- Nüşabə Məmmədova suallarımızı cavablandırdı
Brüsseldə əsir və girovlarımızla bağlı keçirilən tədbir nə ilə yadda qaldı?- Nüşabə Məmmədova suallarımızı cavablandırdı
Azərbaycan Milli QHT Forumunun vitse-prezidenti, Beynəlxalq Dialoq və İnkişaf Alyansının sədri, tarix üzrə fəlsəfə doktoru Nüşabə Məmmədova ilə müsahibə
Nüşabə xanım, salamlayırıq Sizi. İlk olaraq Brüssel səfəri ilə bağlı soruşaq. Səfər kim tərəfindən təşkil olundu və necə keçdi?
Öncə Sizi və CNN saytının çoxsaylı oxucularını səmimi qəlbdən salamlayıram. Azərbaycanın tarixi həqiqətlərinin ölkə və dünya ictimaiyyətinə çatdırılması istiqamətində göstərdiyiniz mühüm əhəmiyyətli xidməti yüksək dəyərləndirir və bu sahədə Sizə daha böyük uğurlar arzulayıram.
Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğunun paytaxt şəhəri olan Brüsselə səfərlə bağlı onu deyə bilərəm ki, səfərin əsas məqsədi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirilmiş “Əsir və girov götürülmüş Azərbaycan vətəndaşlarının hüquqlarının beynəlxalq aləmdə müdafiəsi” mövzusunda layihə ilə bağlı idi.
Məlum olduğu kimi, 25 ildən çoxdur ki, Ermənistan Azərbaycanın 20 faiz ərazisini – Dağlıq Qarabağı və ölkəmizin digər 7 rayonunu işğal altında saxlayır. Dağlıq Qarabağ Azərbaycanın əzəli və tarixi torpağıdır. Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin təxminən 20 faizi işğal altındadır. Bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Ermənistan azərbaycanlılara qarşı Ermənistanda, Dağlıq Qarabağda və Azərbaycanın digər 7 rayonunda etnik təmizləmə siyasəti həyata keçirib. Ermənistan Xocalıda azərbaycanlılara qarşı soyqırımı törədib. Xocalı soyqırımı 10-dan artıq ölkə tərəfindən rəsmən tanınıb. 1992-ci il fevralın 26-da Ermənistan Xocalının 613 dinc sakinini, o cümlədən 106 qadın və 63 uşağı qətlə yetirərək, hərbi cinayət törədib. Azərbaycanın ərazi bütövlüyü bütün dünya tərəfindən tanınır. 1993-cü ildə BMT-nin Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul etmişdir. Ermənistan 24 ildir ki, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymur. Ermənistan tərəfindən hərbi münaqişə zamanı 3868 nəfər azərbaycanlı itkin düşmüşdür. onlardan 3126 nəfəri hərbçi, 742 nəfəri mülki şəxsdir. Yaxın zamanda isə, 2014-cü ilin iyulunda üç nəfər azərbaycanlı Dilqəm Əsgərov, Şahbaz Quliyev və Həsən Həsənov işğal altında olan Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülmüş, onlardan Həsən Həsənov isə güllələnərək öldürülmüşdür. İşğal olunmuş ərazidə qanunsuz fəaliyyət göstərən məhkəmələr tərəfindən, digər girov götürülmüş şəxslər – Dilqəm Əsgərov ömürlük, Şahbaz Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum olunma cəzasına məhkum edilmişlər.
Yuxarıda qeyd olunan tarixi həqiqətləri dünya ictimaiyyətinə və eləcə də, beynəlxalq təşkilatların bir daha diqqətinə çatdırmaq məqsədilə, məhz bu tədbirin dünyanın siyasi mərkəzlərindən biri olan Brüsseldə həyata keçirilməsini reallaşdırdıq. Bizim keçirəcəyimiz “Əsir və girov götürülmüş Azərbaycan vətəndaşlarının hüquqlarının beynəlxalq aləmdə müdafiəsi” mövzusunda tədbir, noyabrın 20-də Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Avropa Azərbaycanlıları Konqresi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Brüsseldə keçirilən “Separatizm beynəlxalq sülhə və təhlükəsizliyə təhdiddir” mövzusunda Beynəlxalq Forumla eyni vaxta təsadüf edirdi. Biz həmin Beynəlxalq Forumda iştirak etdik və şübhəsiz ki, Forumda təmsil olunan nümayəndələrlə görüşlərimiz oldu və layihə ətrafında qapalı müzakirələr apardıq, bəzi nümayəndlərə buklet və disklər hədiyyə olundu. Noyabr ayının 21-də biz “Əsir və girov götürülmüş Azərbaycan vətəndaşlarının hüquqlarının beynəlxalq aləmdə müdafiəsi” mövzusunda tədbir həyata keçirdik. Bu tədbir Azərbaycan Respublikasının Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı səfirliyi və Belçika Türk Federasyonunun təşkilati dəstəyi ilə həyata keçirildi. Tədbirdə, layihə çərçivəsində çəkilmiş film nümayiş olundu, həmçinin layihədə nəzərdə tutulmuş filmin diskləri və bukletləri, həmçinin əsir və girovlarla bağlı foto sərgi nümayiş olundu.
-Səfərə necə hazırlaşmışdınız və gözləntiləriniz nə idi?
– Səfər öncəsi, biz artıq bütün hazırlıq işlərini yekunlaşdırmışdıq. Brüsseldə tədbirin təşkili ilə bağlı Azərbaycanın Belçikadakı səfirliyinə, Belçika Türk Fedarasyonluğuna, Azərbaycan-Belçika Dostluq cəmiyyətinə, Belçikada Türk Kültür Dərnəyinə və Brüsseldə fəaliyyət göstərən digər bir neçə KİV və QHT nümayəndələrinə məktublar göndərmiş və danışıqlar aparmışdıq. Brüsseldə tədbirin keçirilməsi ilə əlaqədar Azərbaycan dövlət orqanlarına məlumat formalı məktublar göndərilmiş və bir neçə dövlət orqanlarının rəhbər nümayəndələri ilə görüşlər keçirilmişdir. Layihə hazırlığı prosesində Azərbaycanda fəaliyyət göstərən xarici ölkə səfirliklərinə, beynəlxalq təşkilatların nümayəndəliklərinə layihə çərçivəsində görüş üçün məktublar və müraciətlər göndərilmişdir. Əsir və girov götürülmüş Azərbaycan vətəndaşlarının hüquqlarının beynəlxalq aləmdə müdafiəsi ilə bağlı beynəlxalq təşkilatlara, o cümlədən Beynəlxalq Qırmızı Xaç Komitəsinə (Prezidenti cənab Peter Maurerə), NATO-nun Baş Katibliyinə (cənab Jens Stoltenbergə), ATƏT-in Baş katibliyinə (cənab Tomas Grahama), BMT-nin Baş Katibliyinə (cənab Antonio Guterresə), Avropa İttifaqı Parlament Assambleyasına (Prezidenti xanım Anne Brasseurə) və digər müraciətlər göndərilmişdir. Brüsseldə keçiriləcək tədbir üçün lazım olan vəsaitlər, video-çarx (disklərdə), slayd təqdimat (disklərdə), buklet, banner və s. hazırlanmışdır. Bu, Bizim xaricdə həyata keçirdiyimiz ilk Layihə idi. Bəli, “Əsir və girov götürülmüş Azərbaycan vətəndaşlarının hüquqlarının beynəlxalq aləmdə müdafiəsi” adlı Layihə gözlədiyimizdən daha uğurlu alındı.
-Beynəlxalq Dialoq və İnkişaf Alyansı girovluqda saxlanılan həmvətənlərimizlə bağlı silsilə tədbirlər həyata keçirir. Davamı olacaqmı?
– Hər gün Ermənistan silahlı qüvvələri tərəfindən dəfələrlə atəşkəs rejimi pozulur və bundan sərhəd bölgələrində yaşayan dinc sakinlər əziyyət çəkirlər. Erməni əsgərləri tərəfindən artilleriya atəşləri nəticəsində sərhədlərdə günahsız insanlar, qadınlar, uşaqlar öz evlərində, həyətlərində öldürülürlər. Bu gün Ermənistan Azərbaycanın 20 faiz ərazisini – Dağlıq Qarabağı və onun ətrafında olan 7 rayonunu işğal altında saxlayır. Bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb və onlar öz doğma torpaqlarına qayıtmaq istəyirlər. Sərhəd bölgələrdə yaşayan insanlar aydın səma arzulayırlar. Erməni silahlı qüvvələri tərəfindən girovluqda saxlanılan soydaşlarımız bizlərdən kömək gözləyir. Beynəlxalq Dialoq və İnkişaf Alyansı olaraq, bu sahədə beynəlxalq səvəyyəli layihələrin davamlı olaraq həyata keçirilməsini, ölkəmizdə və regionda sülhün və sabitliyin qorunması istiqamətində dövlətimizin apardığı siyasətə hər zaman dəstək olacağımızı düşünürük.
İlkin müəllim, aktual və məntiqli suallarınıza görə Sizə səmimi minnətdarlığımı bildirirəm və işlərinizdə daha böyük uğurlar arzulayıram.