06.12.2016
Mahir HƏMZƏYEV
Litva Azərbaycanlıları Cəmiyyətinin sədri, Litva Respublikası Hökuməti yanında Milli İcmalar Şurasının üzvü
mahir.hemzeyev@post.skynet.lt

ESTONCA

Estoniyada “Kitabi-Dədə Qorqud” dastanını tanıtma istiqamətində ilk addımlar digər Baltik ölkələrindən fərqli olaraq, eposun “milli ədavəti qızışdıran” bir abidə kimi Mərkəzin ideoloji təzyiqi altında 1951-ci ilin may ayında Azərbaycan Kommunist (bolşeviklər) Partiyasının XVIII qurultayında tənqid və qadağan olunmasına qədərki dövrdə atılmışdır.

Daha dəqiq desək, eston oxucusuna dastanla bağlı bəzi bilgilər, etnokulturoloji izahlar və ədəbi dəyərləndirmələr ilk dəfə 1941-ci ildə təqdim edilmişdir.

Maarifləndirmə səciyyəli o bilgilər “Viisnurk” (“Beşguşəli”) adlı eston mədəniyyət jurnalının 1941-ci ilin aprelində çıxmış 4-cü sayındakı “Azərbaycan xalqının ədəbiyyatı” (“Azerbaidzani rahva kirjandus”) adlı doqquz səhifədən ibarət geniş ədəbi icmalda yer almışdır.

Təəssüf ki, həmin publikasiyada icmal müəllifinin kim olduğu göstərilməyib. Yalnız qeyd olunub ki, publikasiya Moskva Yazıçılar İttifaqından alınmış ədəbi materiallar əsasında jurnalın əməkdaşları tərəfindən hazırlanıb. O zaman jurnalın “Ədəbiyyatşünaslıq və SSRİ xalqları ədəbiyyatı” məsələləri üzrə Redaksiya heyətinin üzvü eston Sovet ədəbiyyatşünası Karl Ottomar Taev (1903-1992) idi. O, sonralar — 1945-1971-ci illərdə Tartu Dövlət Universiteti Ədəbiyyat kafedrasının müdiri və dosenti (1968) olaraq çalışıb. Bu faktları nəzərə alaraq belə bir hipotezi irəli sürməyə meylliyik ki, sözügedən ədəbi icmalın estonca hazırlanmasında çox ehtimal ki, onun əməyi keçibdir.

Bir xırda haşiyə çıxıb qeyd edək ki, “Viisnurk” jurnalı 1940-1941-ci illərdə Estoniya SSR Xalq Maarif Komissarlığının nəşri olaraq “Pedaqoji ədəbiyyat” Dövlət nəşriyyatı tərəfindən Tallində buraxılırdı. 1941-ci ildə jurnalın yuxarıda göstərilən sayı Azərbaycan ədəbiyyatı və incəsənəti haqqında bilgilərin, eləcə də ədəbi nümunələrin estonca yayımlanmasına həsr olunmuşdu. Bu tanıtma layihəsi 1940-cı ilin yayında Qırmızı ordunun süngüləri üstündə Estoniyaya Sovet hakimiyyəti gətirildikdən sonra SSRİ Yazıçılar İttifaqının xətti ilə həyata keçirilmişdi və əsasən siyasi-ideoloji mahiyyət daşıyırdı(Sözgəlişi deyək ki, jurnalın 1940-cı ilin noyabr və dekabr aylarında buraxılmış 4-cü və 5-ci sayları rus və Ukrayna ədəbiyyatlarının, 1941-ci ilin martında çıxmış 3-cü sayı isə erməni ədəbiyyatı və incəsənətinin Estoniya SSR-də təbliğinə həsr edilmişdi. Lakin bu, tamam başqa mövzu olduğuna görə, indi üstündə dayanmaq istəməzdik. — M.H.).

Sözügedən layihə çərçivəsində jurnalın Azərbaycan mədəniyyətinə həsr edilmiş sayında “Azərbaycan xalqının ədəbiyyatı” adlı icmaldan savayı, şairə və tərcüməçi Adelina Adalisin (1900-1969) “Misli görünməmiş dəyişikliklər ölkəsi” oçerki, yazıçı və ədəbiyyatşünas Marietta Şaqinyanın (1888-1982) “Azərbaycan nəsri haqqında” məqaləsi, sənətşünas və bibliofil Yulius Genssin (1887-1957) “Azərbaycan mədəniyyəti haqqında fraqmentlər” başlıqlı yazısı çap edilmişdi.

Göstərilən qeyri-azərbaycanlı müəlliflərin məqalələri ilə yanaşı jurnalda eston oxucularının mühakiməsinə klassik Azərbaycan poeziyasından bir neçə nümunə — Nizaminin “Leyli və Məcnun” poemasından “Məcnunun qarğa ilə söhbəti” hekayəsi, Molla Vəli Vidadinin “Durnalar” qoşması, Xurşidbanu Natəvanın “Sevgi nəğməsi” şeiri və Sabirin “Bakı fəhlələrinə” satirası verilmişdir. Nizaminin və Vidadinin əsərlərini estoncaya şair, yazıçı və publisist Bernard Kangro (1910-1994) çevirmişdir. Sabirin satirası Meeme Murang təxəllüslü məşhur eston ədibi, şair və tərcüməçi Uku Mazing (1909-1985) tərəfindən tərcümə edilmişdir. Natəvanın göstərilən şeirini isə təəssüf ki, hələ kimliyini öyrənə bilmədiyimiz M.R.inisiallı bir müəllif çevirmişdir.

Azərbaycan ədəbiyyatı haqqında jurnalda getmiş icmal çərçivəsində “Kitabi-Dədə Qorqud” eposu ilə bağlı eston oxucularına belə məlumatlar təqdim olunmuşdur:

Оставьте комментарий