Estoniyadakı azərbaycanlılar yekdilliklə İlham Əliyevin nazmizədliyini dəstəkləyir

2013-10-07

Bu il 25 illiyini qeyd edən Estoniya Azərbaycan icması hər zaman olduğu kimi yenə də Azərbaycanda gedən prosesləri yaxından izləyir, öz mövqelərini ortaya qoyurlar. Oktyabrın 9-da Azərbaycanda keçiriləcək prezident seçkiləri ərəfəsində dünya azərbaycanlılarına müraciət edən Estoniyadakı Azərbaycan diasporu bütün soydaşlarımızı İlham Əliyevin namizədliyini dəstəkləməyə çağırıb. Müraciətdə bildirilir ki, Azərbaycanın müstəqillik qazandığı ilk illərdə qarşılaşdığı çətinliklər zamanı, Ermənistanın apardığı müharibə, informasiya blokadası şəraitində xaricdə yaşayan azərbaycanlılar tarixi vətənlərindən öz kömək və dəstəyini əsirgəməyib.

Müraciətdə 1996-cı ildə Azərbaycan icmasının üzvləri ilə görüşdə Estoniyanın o vaxtkı prezidenti Lennart Merinin söylədiyi “Azərbaycan şirlər, qurdlar arasında bir yağlı tikədir, hər kəs onu udmaq istəyir, amma sizin dövlətin Heydər Əliyev kimi müdrik rəhbəri var o, buna imkan verməyəcək” fikirlərini xatırladan soydaşlarımız bu gün ulu öndərin siyasətini İlham Əliyevin uğurla davam etdirdiyi qənaətindədir. Onlar hazırda Azərbaycanın beynəlxalq aləmdəki nüfuzu, Estoniya ilə yaranmış yüksək səviyyəli münasibətləri də İlham Əliyevin yeritdiyi siyasətin nəticəsi kimi görürlər. İki ölkə arasında əlaqələrin daha da güclənməsi, Azərbaycanın inkişafının davamlı olması naminə Estoniyanın Azərbaycan icması yekdilliklə 2013-cü ilin prezident seçkilərində İlham Əliyevin namizədliyini dəstəkləyir və bütün soydaşlarımızı da bu addımı atmağa səsləyir.