Fikrət Sadıq (1930-2016)
Eston şairi Li Seppelə
Sən gedəndə
Bir dalğa apardın –
şeirli,
Bir bulaq apardın –
nəğməli,
Bir yamac apardın –
laləli,
Li!
Sarı cildli,
Eston dilli,
Bir kitabı vərəqlədim.
Gördüm Mirzə Cəlili.
Səni xatırladım, Li!
Kitablar qovuşdurar
Bir dost elə,
Bir dost eli.
Bu işıq axınında
Sən də kövrək nur teli,
Səni xatırladım, Li!
Tallin-Bakı. Avqust, 1969