Estoniya Azərbaycan Mədəniyyət Mərkəzi /  
Estonia | Publications | Azerbaijan | Culture & sport | Contact | Links | Relations | EAC History | Tourism | Other | Politics | Forums

15.11.2015.Xeber verdiyimiz kimi, kinorejissor Vahid Mustafayevin ekranlaşdırdığı, Azərbaycanın müstəqillik tarixindən və milli azadlıq mübarizəsindən bəhs edən “Qanlı Yanvar” filminin Estoniyada nümayişi maraqla qarşılanıb və daha bir diploma layiq görülüb.
Estoniya Dövlət radiosunda (R4) efirə gedən “Ocaq” verilişinin redaktoru Sənəm Əliyeva AZƏRTAC-ın xüsusi müxbirinə müsahibəsində bildirib ki, “Qanlı Yanvar” filmi bu ölkədə artıq 19-cu dəfə təşkil olunan “Black nights” beynəlxalq kino festivalında ölkəmizi layiqincə təmsil edib.
Festivalın təşkilatçıları “Qanlı Yanvar” filmini xüsusi diqqət cəlb edən filmlərdən biri hesab edirlər. Filmin premyerası paytaxtın yeni kinozallarından olan “Solaris”də baş tutub.
Filmin nümayişindən sonra S.Əliyeva tamaşaçıların bəziləri ilə söhbət edib və onlar ekran əsəri haqqında təəssüratlarını bölüşüblər.
Tamaşaçılardan biri Vaike Salumaa deyib: “Filmə çox maraqla baxdım. Azərbaycan və eston xalqlarının tarixlərində oxşarlıqlar çoxdur. Azadlıq Azərbaycan xalqına qan hesabına başa gəlib. Film çox yaxşı çəkilib, hər an adamı düşünməyə məcbur edir”.
Leelo Kiselyova: “Biz o zamanlar Yanvar faciəsi haqqında eşitmişdik, amma bunun bu qədər dəhşətli olduğunu heç ağlıma da gətirmirdim. Bu, böyük faciədir. Film çox maraqlıdır, hadisələr elə çəkilib ki, özümü orada hiss edirdim, ürəyim yanırdı”.
Maris Heinala: “Bu, çox maraqlı və tarixi bir filmdir. Azərbaycan xalqı fəxr ediləsi xalqdır. Sizdə böyük mübarizə əzmi var”.
Merike Vilepayu: “Filmin müəllifinə dərin təşəkkürümü bildirirəm. Mən göz yaşlarımı saxlaya bilmədim. Bu, bir xalqın bir gecədə yaşadığı dəhşətli faciə idi. Belə faciələrə biganə qalmaq olmaz. Filmin müəllifinə əhsən ki, bizim hər birimizin ürəyinə yol tapdı, düşünməyə məcbur etdi”.
Filmin premyerasından bir gün əvvəl Sənəm Əliyeva rejissor Vahid Mustafayevdən “R4” studiyasında müsahibə alıb. Bu müsahibə, eyni zamanda, iki veriliş üçün hazırlanıb – “Günortadan sonra” və “Ocaq”. Müsahibədə V.Mustafayev 1990-cı ildə baş vermiş 20 Yanvar faciəsindən danışıb. O, bu hadisəyə rejissor kimi son dərəcə obyektiv yanaşdığını vurğulayıb.
Veriliş noyabrın 25-də efirə gedəcək.
“Black nights” festivalı noyabrın 29-dək davam edəcək. “Qanlı Yanvar” filmi Tallində noyabrın 26-da və 28-də, Tartuda isə noyabrın 29-da təkrar nümayiş olunacaq.
© 1999 - 2006 "AJDAN" THE AZERBAIJAN CULTURAL CENTRE OF ESTONIA // design: id