Estoniya Azərbaycan Mədəniyyət Mərkəzi /  
Estonia | Publications | Azerbaijan | Culture & sport | Contact | Links | Relations | EAC History | Tourism | Other | Politics | Forums

10.02.2006. BAKI. Bu gün Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov martın 16-da Bakıda keçiriləcək Dünya Azərbaycanlılarının II Qurultayı ilə bağlı mətbuat konfransı keçirib (APA). Komitə sədri qurultayın dövlət başçısının bu ilin fevralın 8-də imzaladığı sərəncama uyğun olaraq xaricdə yaşayan soydaşlarımızın problem və qayğılarını, onların birliyi və təşkilatlanması sahəsindəki mövcud vəziyyəti təhlil etmək və digər məsələlərin müzakirəsini keçirmək məqsədi ilə keçiriləcəyini deyib. Onun sözlərin görə, rəhbərlik etdiyi komitə Prezident Aparatı ilə birlikdə qurultayın keçirilməsi məqsədi ilə iş planı hazırlayır: “Qurultaya 44 ölkədən 600-dək nümayəndə dəvət etməyi planlaşdırırıq. Mərasimdə Rusiya 170 , Ukrayna 60, Gürcüstan 40, Türkiyə 36, Almaniya 33, Amerika 11 nümayəndə ilə təmsil olunacaq. Bundan başqa, 40-dan çox ölkədən Azərbaycan diasporunun inkişafında xidməti olan 200-dən çox şəxsin qonaq kimi dəvət ediləcəyi gözlənilir”. N. İbrahimov deyib ki, qurultayda Azərbaycanın diaspor təşkilatlarının fəaliyyətinin koordinasiyasının təkmilləşdirilməsi, xalqımıza qarşı törədilən terror və soyqırımı aktları ilə bağlı tarixi faktların dünya ictimaiyyətinə çatdırılmasında müasir metodlardan istifadə olunması və təşkilatı məsələlərin gücləndirilməsi ilə bağlı bir sıra məsələ müzakirə ediləcək. Tədbirdə, həmçinin Azərbaycan diasporunun fəaliyyət konsepsiyasının hazırlanması məqsədi ilə işçi qrupun yaradılması planlaşdırılır: “Bununla yanaşı, Azərbaycan və Türkiyə icmalarının birgə fəaliyyət strategiyasının işlənməsi məqsədi ilə hər iki diasporun nümayəndələrindən ibarət müştərək işçi qrupun yaradılması və hazırlanacaq sənədlə bağlı müzakirələrin aparılması üçün bu il ərzində birgə forumun keçirilməsi məsələlərinə baxılacaq. Qurultayda aparılan müzakirələrin nəticəsi olaraq qətnamə qəbul ediləcək. Tədbirdə, həmçinin dünya azərbaycanlılarına müraciətin, Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı xüsusi bəyanatın, erməni işğalçılarının xalqımıza qarşı törətdiyi soyqırımı aktlarına etiraz ifadə edən bəyanatın, habelə işğal olunan ərazilərdə Azərbaycanın tarixi abidələrinə və mədəni irsinin dağıdılması ilə bağlı beynəlxalq təşkilatlara müraciət və sənədlərin qəbul ediləcəyi gözlənilir”. /APA/
© 1999 - 2006 "AJDAN" THE AZERBAIJAN CULTURAL CENTRE OF ESTONIA // design: id