Estoniya Azərbaycan Mədəniyyət Mərkəzi /  
Estonia | Publications | Azerbaijan | Culture & sport | Contact | Links | Relations | EAC History | Tourism | Other | Politics | Forums

İlgəyi qoparılmış qumbaranı xatırladan kitab,
YAXUD YOXA ÇIXAN DAMLANIN YENİDƏN VAR OLDUĞU GÜN
Axşam saat beşə qalıb beş-on dəqiqə. Beş tamamda avtovağzalda olmalıyam...
Əl telefonum zəng çalır. Hər dəfə olduğu kimi azərbaycanca: "Buyurun" - deyirəm. Tanımadığım qadın estonca:
- Xaqani bəyləmi danışıram? - deyə soruşur.
- Bəli, buyurun, eşidirəm - səsim özüm də bilmədən gümrah çıxır.
- Mən Vilyandi Teatrından Maarikayam - deyir qadın və tezcə də əlavə edir - bu KİTABı neynəyım?
İtiyini tapmış yetim kimi sevinirəm. Harada olduğunu öyrənib beş dəqiqəyə yanına gələcəyimi söyləyirəm.
İçim özümə də bəlli olmayan köntöy bir sevinclə sıyrılır və mədəmin səhərdən bəri bomboş olduğunu hiss edirəm...
Gecə gec yatmışdım. Səhər saat dördə-beşə qədər mənim Estoniya həyatımın "baiskarı" olan, yenicə ayaq açan dostluğumuzu ürəyimdə böyütməyə məcbur olduğum görkəmli türkoloq Aydın Məmmədovun əziz xatirəsinə ithaf etdiyim "Estonca-Türkcə, Türkcə-Estonca Klavuz" danışıq kitabının son düzəlişlərini etmişdim. Yuxusuzluq və günümün dolu keçən saatları məni əməllicə əldən salmışdı. Amma telefonla aldığım bu sevincli xəbər içimi fərhlə doldurdu...
Üç gün idi içim sıyrılırdı. Üç gün öncə Vilyandi Uqala Teatrının iqtisadi işlər müdiri zəng edib Bakıdan mənim üçün KİTAB gətirdiyini söyləmişdi. O gündən nişanlısını tanımadan toy gününü (daha doğrusu, gecəsini) gözləyən bəyə dönmüşdüm: Kimdir, yox, kimin kitabıdır, görəsən?..
Kitab anlayışı məni hər dəfə sanki öz adımı eşidirəmmiş kimi diksindirib və içimi xoş duyğularla doldurub. Və bir də ixtiyarsız olaraq, indi mənim üçün ən əziz xatirə olan uzaq illərin üstündən adlayıb uşaqlığımın bir qış gününə qaytarıb.
- Bu dərdisin aldığımdan yaman qorxuram - anamın o kövrək, o bənzərsiz həlim səsi hələ də qulaqlarımdadır - bilmirəm nağayrım!
Anamın bu qorxu və təlaş dolu müraciəti rəhmətlik köbəknənəm Yetər qarıya ünvanlanmışdı. İlin bütün fəsillərində üst-üstdən üç-dörd qırçınlı ətək geyinən köbəknənəm:
- Qorxma, a bala, Haqqının yanına get. Bir pitik yazsın, üstünə tik, heş zad olan döy - dedi.
Anamın yaşıl rəngli üçbucaq mahmır parçanı maykama sancaqladığı o qış gününün gecəsi xəlvətə çəkilib "pitik"i açdım. Arxasında kərrə cədvəli olan dəftərin bir vərəqinin yarısına yazılmış əyrim-quyrum yazını görəndə məni ağlamaq tutmuşdu. O gecə hıçqıra-hıçqıra niyə ağladığımı hələ də anlaya bilmirəm. Amma bircə onu bilirəm ki, "pitik" kəlməsi (bu kəlmənin bitik, bitiyin də kitab olduğunu biləndən sonra bu anlaşılmazlığın üstünə bir də doğmalıq gəlib) hər zaman içimdə ilıq hisslər oyadır və mən bundan sonsuz ləzzət alıram.
lll
Yolboyu kimin KİTABı ilə görüşəcəyimi yəqinləşdirə bilmədim. İlk ağlıma gələnlər Kamal Abdulla, Mövlud Süleymanlı, Eyvaz Əlləzoğlu, Elçin Hüseynbəyli, Vaqif Cəbrayılzadə və bir də haqqında düşünəndə təntidiyim və dodaqlarım təpiyən Afaq Məsud oldu. Ən çox güman qaçırdığım isə Kamal Abdulla idi. O biriləri, sadəcə olaraq, istəyimin illüziyası ola bilərdi. Ancaq əslinə qalsa, Afaq Məsud imzası nə güman idi, nə də istəyin illüziyası. Bu bir doğmalıq idi, BİTİK doğmalığı. "Pitik" ilə ilk qarşılaşdığımda o əyri-üyrü yazılar məni hansı sehrli dünyaya aparmışdısa, Afaq xanımın hekayələri də məni ona bənzər yarıyuxulu, məchul və müəmmalı bir dünyaya aparır hər zaman. Bu səbəbdən də Afaq xanım haqqında düşünəndə niyəsə təntiyirəm və boğazım quruyur.
Kamal Abdulla ilə "görüşümü" gerçəkləşdirə biləcək özüllü səbəblər var ki, bunların başında Vaqif İbrahimoğlu durur. Bu Dərviş haqqında ayrıca bir yazı yazmaq istədiyimdən burada çox üstündə durmaq istəmirəm. Təxminən bir il əvvəl Vaqif İbrahimoğlu ilə ilk dəfə Estoniyada görüşəndə Vaqif bəy məni gözləmədiyim bir halda və yöndəmsiz bir şəkildə kameranın qarşısında otuzdurdu ki, Kamal Abdullaya bir-iki söz de. Səbəb də bu idi ki, mən Kamal bəyin "Kim dedi ki, Simurq quşu var idi" pyesini eston dilinə çevirmişdim və bu əsər Estonyanın teatr camiasında çox böyük rəğbətlə qarşılanmışdı...
Kameraya nə dediyimi xatırlamıram. Amma mənə elə gəlir, sonra Vaqif bəydən xahiş etmişdim ki, Kamal Abdullanın yeni kitablarından imkan daxilində mənə göndərsin. Çünki Kamal bəyin əsərlərinin tərcüməsinin davamını istəyirdim.
... Aprel ayından sentyabra qədər sıx-sıx səfərdə olduğumdan, Estonyada demək olar, çox az tapıldım. Və təəssüf ki, bu səbəbdən də bəzi işlərdən məhrum oldum. Sentyabrın ilk günlərində Vilyandi Uqala Teatrının bədii rəhbəri Peeter Tammearu ilə telefon söhbətimizdən məlum oldu ki, adıçəkilən teatrın aktyorları Bakıya Vaqif İbrahimoğlunun səhnələşdirdiyi "Dekameron" tamaşasını oynamağa gedəcəklər. (Haşiyə olaraq qeyd etmək yerinə düşər ki, bu tamaşa Estoniyada yetərincə, yaxşı mənada səs-küy yaratdı ki, bu da şübhəsiz, Vaqif bəyin adı ilə bağlıdır). Teatrın bədii rəhbəri özünün gedə bilməyəcəyindən kədərləndiyini bildirdi:
- Təəssüf ki, mənim Vanemuine Teatrında tamaşam var və bu səbəbdən gedə bilməyəcəm. Amma çox istərdim ki, sən orada olaydın, bəlkə tərcüməyə-filana ehtiyac yarandı...
... Eston aktyorların Bakı səfəri haqqında Azərbaycan mətbuatında yazılanları internet araçılığı ilə acgözlüklə oxumuşam. Oxuduqlarım arasında təxminən belə bir ifadəyə rast gəldim: "Tamaşa əla idi, aktyorlar məharətlə oynadılar, amma tərcümə olsaydı, daha gözəl olardı..." Niyəsə sonuncu gileyin mənə ünvanlandığını hiss etdim və aktyorlarla bərabər gedə bilməməyimin üzüntüsünü bir daha yenidən yaşadım.
lll
... Avtovağzaldan Vanemuine Teatrına necə və hansı yolla getdiyim yadımda deyil...
Katibə məni xoş bir təbəssümlə qarşılayır. Salamımı alıb, elə yapışıqlı təbəssümlə də soruşur:
- Kitab üçünmü gəldiniz?
- Bəli - deyirəm və nədənsə təntiməyə başlayıram.
Katibə tünd qırmızı rəngli qalın bir KİTAB uzadır mənə. Gözlərimə inana bilmirəm... Qızılı rəngdə yazılmış "Afaq Məsud. Roman, esse, hekayə" sözləri beynimə işləyir. Dizlərim titrəyir, ixtiyarsız olaraq divana çökürəm. Sanki əlimdə kitab yox, ilgəyi qoparılmış qumbara tuturam. İçimdə nəyinsə uçunduğunu hiss edirəm və ehmalca kitabın üz qabığını çevirirəm. Aman, Tanrim, Afaq heç dəyişməyib! Yadıma on-on iki il öncə, döşəməsindən nəm mərmər qoxusu gələn Tərcümə Mərkəzinin uzun koridoru düşür. Sonra Afaq xanımın otağında üzbəüz oturub müqavilə bağlamağımızı xatırlayıram...
Haşiyə: bu müqaviləyə əsasən, beş il Tərcümə Mərkəzi mənə təqaüd verməli idi və mən beş ildən sonra Tartu Universitetini bitirib Azərbaycana qayıtmalı idim. Tərcümə Mərkəzi də məni işlə təmin etməli idi. Nə yazıq ki, bunlardan yalnız bircəciyi - universiteti bitirməyim - həyata keçdi...
Afaq xanımın çəkici şəklinin altındakı yazını oxuyuram və dünyam dəyişir: "Azərbaycandan uzaq Tartuya düşən ən gözəl damlaya - Xaqani bəyə ən səmimi arzularla..."
Harada olduğumu anışdıra bilmirəm bir anda. Vanemuine Teatrının direktorunun səsinə özümə gəlirəm:
- Baqışlayın, siz kimisə gözləyirsinizmi?
- Yox, - deyirəm - artıq görüşdük.
Və küçəyə çıxıram.
lll
... Estoniyanın soyuq noyabr axşamında hara gedəcəyimi bilmirəm bir anda. Sanki yenicə gəlmişəm Estoniyaya. Hər şey yadımdan çıxıb: ev-eşik, oğul-uşaq... Yerimdəcə donub qalmışam. Əlimdəki "qumbara" artıq açılmışdı. İçimi "toz-duman" bürüyüb sanki. Küçəni güc-bəla ilə keçirəm. Ayaqlarım məni Tartu Universitetinin Mərkəzi Kitabxanasına aparır. Kitabxananın tanış qoxusu bu dəfə daha da doğmalaşır və içimdəki "toz-duman"a qarışır...
Düz on dörd il bundan öncə olduğu kimi kitabxanadakı "yerimdə" otururam. Hər şey öz yerindədir - uzun, sağlam masa, cırıltılı oturacaq, xəfifcə toz tamı verən hava... Sanki bu on dörd ildə mən elə buradaca yaşamışam, heç bu kitabxanadan çıxmamışam.
Çox qəribədir, hər dəfə buraya gələndə rəhmətlik Aydın Məmmədovu və əziz dostum Arif Acalı xatırlamışam. Yenə də eyni xatirələr içimi uçundurmaqdadır.
Özümə sığmıram. İçimdə aləm bir-birinə qarışıb. Baxışlarım Afaq xanımın üzünü söykədiyi əlindəki qələmə ilişib qalıb. Yox, canım, belə təsadüf olmaz. Təxminən bir-iki il öncə, yanılmıramsa, "525-ci qəzet"in internet səhifəsindən Afaq xanımın bu şəklini öz bilgisayarımın yaddaşına köçürdüyümü xatırlayıram. "Seçkinlər" adı altında topladığım (burada Şəhriyardan tutmuş, Qulu Ağsəsə qədər, mənə doğma olan kimlərin şəkli yoxdur ki...) şəkillər arasında Yusif Səmədoğlunun və Afaq Məsudun şəkli məni həmişə kövrək və sirli-sehrli bir dünyaya aparıb. İndi isə elə bil Afaq xanımla üz-üzə dayanmışıq. Afaq xanım, şəklinin altına öz dəsti-xəttiylə yazdığı ifadəni sanki oturduğum kitabxananın bu səssiz guşəsində usdufca qulağıma pıçıldayır: "Azərbaycandan uzaq Tartuya düşən ən gözəl damlaya - Xaqani bəyə ən səmimi arzularla". Düz on ildir, mən Afaq Məsudu görmürəm. Axırıncı dəfə, deyəsən, 1994-cü ilin yayında Tərcümə Mərkəzində ayaqüstü söhbət etmişdik. Amma Afaq xanım bu illər ərzində sanki mənim yaşayışımın az qala hər gününü görüb. Yoxsa bu "damla" kəlməsi ağlına hardan gələrdi?! Bəlkə dörd-beş il öncə dodaqlarıma gələn o dörd misranı da Afaq xanım pıçıldamışdı mənə?!
Üstümdən illər keçib -
Bir idim, çox olmuşam.
Damlaydım ümid dolu,
Süzülüb yox olmuşam!
Afaq xanımın "avtoqrafını" özümdən ixtiyarsız, dönə-dönə, təkrar-təkrar oxuyuram. Və öz-özümə gülümsəyərək, o dörd misranın sonuncu iki misrasını dəyişirəm.
Üstümdən illər keçib -
Bir idim, çox olmuşam.
Azərbaycandan süzülən
Damlaydım, yox olmuşam!

Amma, hər dəfə Afaq xanımın "avtoqrafını" oxuduqca elə bil yoxluqdan yavaş-yavaş boy göstərməyə başlayıram və var oluram - yenidən ümid dolu damlaya dönürəm. Yadıma rəhmətlik İsa İsmayılzadənin "Bir ömürlük gecə" kitabına yazdığı "avtoqraf" düşür: "Xaqani, ümidimiz amanatı!"; Vaqif Bayatlı Odərin Tərcümə Mərkəzində məni ilk dəfə gələcəyim Estoniyaya uğurlarkən dediklərini xatırlayıram: "Dostum, sənə güvənirik, bizi utandırma, eston dilini yaxşı öyrən..."
lll
Artıq içimin deyil, mədəmin sıyrıldığını hiss edirəm. Kitabxananın kafesinə gedirəm. Qəhvə və Vana Tallinn (Köhnə Tallinn) konyakı sifariş edirəm. Tünd qırmızı rəngli kitabın üstündəki qızılı hərflərlə yazılanlar gözlərimdə oxunmaz olur. Qədəhimi niyəsə, hər dəfə mənə çözək-çözək olmuş yumağı xatırladan Natiq Səfərovun şərəfinə qaldırıram. Və Baksovetin həndəvərindəki yarızirzəmi kafelərin birində hiss edirəm özümü. Kafenin küncündən üzbəüz oturduğum Natiq Səfərovun işıq dolu, fındıq boyda gözləri gülümsəyir...
Kitabxananın bağlanmasına işarə olaraq fortopianoda çalınan həzin musiqi sədası məni Bakıdan Tartuya qaytarır.
Küçəyə çıxanda artıq qaş qaralmışdı. On dörd il öncəki kimi yataqxanaya doğru deyil, şəhərin mərkəzindəki evimə yollanıram. Kitabı əlimdən salıb itirəcəyimdən qorxurammış kimi qoynumda gizlədirəm. Bu hərəkətim dodaqlarıma təbəssüm gətirir. Elə təbəssümlə də illər öncəsi soyuq bir qış gecəsində Afaq Məsudun "Uydurma" hekayəsini telefonla "O"na oxuduğumu xatırlayıram. İçimi ilıq duyğular bürüyür...
lll
Evə yenicə girmişdim ki, Rusiyadan qardaşım Vilayət zəng elədi. Qısa "kef-əhval"dan sonra: "Səsin xoşuma gəlmir, xeyir ola" - deyə, nigarançılıqla soruşdu.
- Heç - dedim - Afaq Məsud məni yenidən mən eləmək istəyir.
- Tamam, başa düşdüm - deyir qardaşım - onda səni məşğul etməyəcəm. Görürəm, köklənibsən, davam elə...
... Və oturub kitaba tamaşa edirəm. Titul səhifəsindən o yana keçməyə cürət edə bilmirəm. Çünki görülmüş deyil, görüləcək yuxular yazan Afaq Məsudun o "bir damla" ifadəsinin sehrindən və cazibəsindən çıxa bilmirəm.
Saat kəfkirinin çıqqıltısı beynimi deşir, başımı qaldırıb baxıram. Saat tam dörddür. Düşünürəm ki, Bakıda artıq saat altıdır və yəqin, Tofiq Abdin növbəti "Dan üzü yazıları"ndan birini yazır. Tanrı tənbəlliyin belini qırsın, Tofiq bəyə söz verdiyim "əhatəli məktub"u hələ də yazıb göndərə bilməmişəm. Heç mənə əzizdən əziz, doğmadan doğma olan "Xəzər" jurnalını təkrar nəşrə başladıqları üçün Afaq Məsuda və Zakir Fəxriyə yazmaq istədiyim təşəkkür və təbrik məktubunun üstünü vurmuram...
Gözünüz aydın, dostlar, deyəsən, mən qayıdıram. Çox gecikmişəmsə, bağışlayın siz Tanrı!
Bu xəbərsiz gəlişindən
yenə ruhum uçundu.
Yenə itirdim özümü -
Yenə elə udqundum...

Şükür! Görüşdük yenə
işıqla doldu içim.
Yenə yumdum gözlərimi
sənə qovuşmaq üçün.

Yenə soluğum kəsildi,
Tərdə təntidi tənim...
Ayrılığa dözümüm yox,
Tanrım, tərk etmə məni!
Xaqani QAYIBLI, Tartu, 12-13 noyabr 2004
1999 - 2006 "AJDAN" THE AZERBAIJAN CULTURAL CENTRE OF ESTONIA // design: id